Yumurtalıqlarda endometrioz
Uşaqlığın daxili təbəqəsi adlanan endometriumun uşaqlığın daxilindən kənarda görünməsinə endometrioz deyilir. Əksər hallarda uşaqlıq və yumurtalıqların üzərində görünür, bağırsaq, sidik kisəsi, hətta diafraqma və ağciyərdə də görünə bilər.
Endometrioz xərçəng deyil, lakin menstrual ağrı, çanaq ağrısı və sonsuzluğa səbəb ola biləcək xroniki xəstəlikdir. Bəzi xəstələrdə şikayətlər çox yüngül olsa da, bəzi xəstələrdə gündəlik həyat keyfiyyətini azaldacaq qədər şiddətli ola bilər.
Endometrioz ocaqları da endometrium təbəqəsi kimi qadın hormonlarına həssas olduğu üçün menopauza və hamiləlik kimi hormonların dəyişdiyi dövrlərdən təsirlənə bilər.
Yumurtalıqlarda endometrioz (endometrioma)
Şokolad kistalarının əmələ gəlməsinin səbəbi müxtəlif dövrlərdə yumurtalıqlarda yerləşən endometrioz ocaqların qanaması və bunun nəticəsində qan yığılmasıdır.
Endometrioz hallarının demək olar ki, üçdə biri yumurtalıqlarda baş verir və endometrioma görünür.
Endometriomalar xoşxassəli şişlər olsa da, çox vaxt bağırsaq, sidik kisəsi, uşaqlıq kimi qonşu orqanlara yapışa və bununla bağlı şikayətlərə səbəb ola bilər. Bu yapışmalar endometriomaların cərrahi müalicəsini çətinləşdirən səbəblərdən biridir.
Kimlərdə rast gəlinir?
Yaşa və istifadə edilən diaqnostik üsullara görə dəyişsə də, reproduktiv yaşda olan qadınların 10%-də endometrioz aşkar edilə bilər.
Bəzi qadınların demək olar ki, heç bir şikayəti olmadığı üçün bu vəziyyətin tezliyini müəyyən etmək asan deyil, halbuki bu vəziyyətlə bağlı şikayətləri olan qadınlarda digər xəstəliklərlə qarışdırıla bilər.
Endometrioz bəzi qruplarda daha çox rast gəlinir: sonsuzluqdan əziyyət çəkən qadınlarda demək olar ki, 50% nisbətində müşahidə edilir və çanaq ağrısı və ağrılı menstruasiya olan qadınlarda da çox təsadüf olunur.
Necə formalaşır?
Bu patologiyanın formalaşmasında ən çox irəli sürülən fərziyyə qadınlarda normal menstrual qanaxma zamanı qanın borular vasitəsilə qarın nahiyəsinə geri axını və uşaqlığın daxili təbəqəsini təşkil edən vəzilərin ona çataraq yapışmasıdır. Buna əks menstrual axın mexanizmi deyilir.
Uşaqlığın daxili təbəqəsini (endometrium) əmələ gətirən vəzilər çanaq boşluğu orqanlarının səthinə yapışdıqdan sonra hər aybaşı dövründə qanaxma və iltihaba səbəb olur, bu da çanaq ağrısı, aybaşı sancısı və cinsi əlaqə zamanı ağrı kimi şikayətlərə səbəb olur.
Laboratoriya nəticələri
Endometriozun diaqnozu üçün xüsusi bir laboratoriya testi yoxdur. Lakin şokolad kistaları olan xəstələrdə CA-125 testi tez-tez yüksələ bilir.
Endometriomalarda yüksək CA-125 testi xərçəng olduğunuz demək deyil!
Bir çox hallarda xəstələrin yüksək CA-125 testi səbəbi araşdırılan zaman stresə məruz qaldıqları görülür, bu vəziyyətdə mütləq həkiminizlə məsləhətləşmək lazımdır. Mövcud yumurtalıq kistasında xərçəng əlamətlərinə aid sahələr yoxdursa, narahat olmağa əsas yoxdur.
Əməliyyat nə vaxt edilməlidir?
Endometriozu olan hər xəstənin əməliyyata ehtiyacı yoxdur!
Cərrahiyyə tələb edən şərtlər;
Müalicəyə cavab verməyən ağrının olması, bağırsaq və ya sidik yollarının tıxanması kimi vəziyyətlərdə tətbiq edilir.
Bu xəstəliyin əməliyyatı təcrübəli cərrah tərəfindən, əsasən qapalı üsulla (laparoskopik) həyata keçirilir.
Xərçəngə səbəb olur mu?
Bəzi tədqiqatlarda endometriozun yumurtalıq xərçənginin bəzi növləri ilə əlaqəli ola biləcəyi göstərilmişdir. Bununla belə, endometrioz xərçəngönü vəziyyət hesab edilmir və skrininq tövsiyə edilmir.
Eyni şəkildə endometriomalar zamanı ehtiyat tədbiri məqsədilə əməliyyat edilməsinin xərçəngə çevrilmənin qarşısını aldığı ilə əlaqədar heç bir sübut göstərilməmişdir.