Cərrahi əməliyyata hazırlıq dövrü

Bu təlimat Uzm. Dr. Əkbər İbrahimov və komandası tərəfindən həyata keçirilən total abdominal histerektomiya və digər ginekoloji əməliyyatlara hazırlaşmağınıza kömək edəcək.

Ginekoloji əməliyyatdan əvvəl bu təlimatı ən azı bir dəfə oxuyun və əməliyyatdan əvvəlki günlərdə bundan istifadə edin. 

Total abdominal histerektomiya nədir?

Həkiminiz bu cərrahi proseduru 1 cərrahi kəsiklə icra edəcək. O, uşaqlıq və uşaqlıq boynunu həmin kəsikdən çıxaracaq və kəsikləri tikişlərlə bağlayacaq. Cərrahınız salpinqooforektomiya adlanan yumurtalıqlar və uşaqlıq borularının çıxarılması əməliyyatını da histerektomiya ilə eyni vaxtda həyata keçirə bilər.

Əməliyyatınızdan asılı olaraq, yumurtalıqlarınız və uşaqlıq borularınızdan biri və ya hər ikisi çıxarıla bilər. Buna salpinqooforektomiya əməliyyatı deyilir. Hər iki yumurtalıq çıxarılarsa menopauzaya girəcəksiniz. Menopauzadasınızsa və ya artıq keçmisinizsə, heç bir dəyişiklik hiss etməyəcəksiniz. Əgər menopauzaya başlamamısınızsa, gecə tərləmələri, istibasmalar və vaginal quruluq kimi ümumi simptomlarla qarşılaşa bilərsiniz. Bu simptomları idarə etməyin yolları haqqında həkiminizlə məsləhətləşin.

Sentinel limfa düyün xəritələnməsi və limfa düyünlərinin disseksiyası

Limfa düyünləri bədənin hər yerində tapılan kiçik, lobyaya bənzər strukturlardır. Bunlar infeksiyalarla mübarizə aparmağa kömək edən hüceyrələr istehsal edir və saxlayır. Xərçəngdən əziyyət çəkirsinizsə və onkoloji proses yayılıbsa, ən çox təsirlənən limfa düyünləri sentinel limfa düyünləri olacaq. Əgər cərrahınız xərçəng ola biləcəyinizdən şübhələnirsə, onlar sentinel limfa düyünlərinin xəritəsini çəkə və limfa düyünlərinin disseksiyası adlanan bəzi limfa düyünlərinizi çıxara bilər. Bu əməliyyatdan əvvəl siz anesteziya (narkoz) alacaqsınız.

Sentinel limfa düyünlərinin xəritələşdirilməsi üçün cərrahınız xərçəngin ola biləcəyi sahəyə az miqdarda boya yeridəcək. Cərrahınız istifadə edəcəyi boya növünü sizinlə müzakirə edəcək. Bu boya prosesin olduğu limfa düyünlərinə gedir və onları mavi və ya yaşıl rəngə boyayır. Həmin düyünün (lərin) yeri bəlli olduqdan sonra cərrahınız kiçik bir kəsik edəcək. Bu prosesdə həmin limfa düyünləri (mavi və ya yaşıla çevrilən düyünlər) çıxarılacaq və düyünlərdə xərçəng hüceyrələrinin olub-olmadığını yoxlayacaqlar.

Yoğun bağırsağın rezeksiyası

Kolon rezeksiyası - yoğun bağırsağın yumurtalıq xərçəngi zamanı prosesə cəlb olunan hissəsinin kəsilərək çıxarılması əməliyyatıdır. Sonrakı etapda kolonun (yoğun bağırsağın) sağlam ucları yenidən bir-birinə tikilir. Cərrahınız kolonunuzun hansı hissəsinin çıxarılacağını izah edəcək.

Ginekoloji əməliyyatdan öncə müxtəlif məhsulların istifadəsi

Əməliyyat prosesi zamanı risk yarada bilən şərtlər haqqında bildiriş:

Əmin olmasanız belə, aşağıdakı ifadələrdən hər hansı birinin sizə aid olub-olmadığını bizə bildirməklə əməliyyatınız zamanı təhlükəsizliyinizi təmin etməyə kömək etmiş olarsınız. Aşağıda sadalanan məhsullardan hər hansı birini istifadə edirsinizsə və ya qeyd olunan şərtlərlə qarşılaşırsınızsa, işarə qoyun və həkiminizə məlumat verin.

  • Mən qan durulaşdıran dərmanlar qəbul edirəm. Məsələn aspirin (kardiomaqnil), heparin, varfarin (coumadin), klopidoqrel, enoksaparin (Clexane), dabigatran,  apiksaban və rivaroksaban (Xarelto).
  •  Həkiminizin qəbul etdiyiniz bütün dərmanları bildiyinə əmin olun.
  • Mən reseptli (həkim təyin etdiyi) dərmanlar qəbul edirəm.
  • Mən reseptsiz satılan dərmanlar qəbul edirəm.
  • Bitki tərkibli vasitələr, vitaminlər, minerallar və təbii və ya ev müalicəsi kimi pəhriz əlavələri qəbul edirəm.
  • Məndə kardiostimulyator, avtomatik implantasiya edilə bilən kardioverter defibrilator (ICD) və ya digər ürək cihazı var.
  • Məndə yuxu apnoyesi var.
  • Daha öncəki əməliyyatlarımda anesteziya ilə bağlı problem yaşamışam.
  • Bəzi dərmanlara və ya materiallara, o cümlədən latekslərə qarşı allergiyam var.
  • Spirtli içki qəbul edirəm.
  • Siqaret çəkirəm.

Yuxu apnoyesi nədir? Əməliyyata nə kimi təsiri var?

Yuxu apnoyesi insanın yuxu zamanı qısa müddət ərzində nəfəs almasını dayandırmasına səbəb olan bir tənəffüs pozğunluğudur. Ən çox görülən növü obstruktiv yuxu apnoyesidır. Bununla yuxu zamanı hava yolu tamamilə bağlanır. Əməliyyat zamanı və əməliyyatdan sonra ciddi problemlər yarada bilər. Yuxu apnoyeniz varsa və ya ola biləcəyinizi düşünürsünüzsə, bizə bildirin. Əgər yuxu apnoyesi üçün tənəffüs aparatından (CPAP kimi) istifadə edirsinizsə, əməliyyat günü onu özünüzlə gətirin.

Ginekoloji əməliyyatdan öncə müxtəlif məhsulların istifadəsi

Əməliyyat öncəsi test

Ginekoloji əməliyyatdan əvvəl sizə preoperativ testlərdən keçmək üçün randevu veriləcək, əməliyyata razılıq sənədinin doldurulmasından sonra siz anesteziologiya işçiləri ilə görüşəcəksiniz (əməliyyat zamanı narkoz üçün sizə dərman verəcək həkimlər və tibb bacıları). 

Nəfəs alma məşqlərı edin

Ginekoloji əməliyyatdan əvvəl dərin nəfəs alma məşqləri edin.Hər gün ən azı 1,5 kilometr məsafədə gəzinti, üzgüçülük və ya velosiped sürmə kimi aerobika məşqləri etməyə çalışın. Sağlam bir pəhrizə başlayın.Əməliyyatdan əvvəl balanslı və sağlam bir pəhriz olmalıdır. Pəhrizinizlə bağlı köməyə ehtiyacınız varsa, həkiminizlə və yaxud da dietoloqla məsləhətləşin. Xlorheksidin məhlulu ( dəri təmizləyicisi) alın.Əməliyyatdan əvvəl bu məhlulla dərini təmizləmək əməliyyatdan sonrakı infeksiya riskinizi azaltmağa kömək edəcək. 

Bağırsaqlarınızı əməliyyata hazırlayın!

Əməliyyatdan 1 gün öncə saat 17:00-a qədər xəstəxanaya yatış etməlisiniz. Xəstəxanaya yatdıqdan sonra yemək olmaz. Əməliyyatdan 1 gün öncə bağırsaq təmizliyi üçün pikoprep adlanan dərmanı 1 litr suda həll edib, saat 19:00-20:00 intervalında qəbul etməlisiniz. Daha sonra yatana qədər bol miqdarda maye (su, çay) qəbul etməlisiniz.  Əməliyyat günü səhər ac və susuz əməliyyata hazır olmalısınız.

Ginekoloji əməliyyatdan əvvəl dərinin təmizlənməsi

Əməliyyatdan bir gün əvvəl 4 %-li xlorheksidin qlükonat məhlulu olan antiseptik ilə təmizləyin.

  • Saçınızı yumaq üçün adi şampundan istifadə edin.
  • Üzünüzü və cinsiyyətinizi yumaq üçün adi sabundan istifadə edin. Bədəninizi isti su ilə yaxşıca yuyun.
  • 4 %-li xlorheksidin məhlulunu ilə bədəninizi təmizləyin. Üzünüzə və cinsiyyət orqanınıza tətbiq etməyin.
  • Daha sonra təkrar duş qəbul edin.
  • Duşdan sonra təmiz bir dəsmal ilə qurulanın.
  • Duşdan sonra heç bir losyon, krem, dezodorant, makiyaj, pudra, ətir və odekolon istifadə etməyin.

Maye pəhrizinə əməl etməlisiniz!

Əməliyyatdan bir gün əvvəl maye pəhrizinə riayət etməlisiniz. Həkiminiz və ya tibb bacınız sizə bu pəhriz haqqında ətraflı məlumat verəcəkdir. Bu pəhrizə riayət edərkən;

  • Bərk qidalar qəbul etməyin.
  • Hər saat ən azı 1 stəkan maye içməyə çalışın.

Mən diabet xəstəsiyəm. Mən nə edəcəm?

  • Əgər siz insulin və ya diabet üçün hər hansı digər dərman istifadə edirsinizsə, dozanı dəyişdirməyiniz lazım olub-olmadığını soruşun.
  • Qan şəkərinizi nəzarətdə saxlayın.
  •  Hər hansı bir sualınız varsa, həkiminizə soruşun.

Nələri istehlak edə bilərəm və nələri etməməliyəm?

  • Qızardılmış qidaları və ya ədviyyatlar olan məhsulları yeməyin.
  • Şirniyyatlardan istifadə etməyin.
  • Siz meyvə şirələri (məsələn alma), qazsız su, çay istehlak edə bilərsiniz.
  • Spirtli içkilər içməyin.

Əməliyyat günü səhər nə edəcəyəm?

  • Əgər həkiminiz və ya tibb bacınız sizə əməliyyat səhəri müəyyən dərmanlar qəbul etməyi tapşırıbsa, onları sadəcə bir qurtum su ilə qəbul edin.
  • Heç bir metal əşyadan istifadə etməyin. Bədən pirsinqləri də daxil olmaqla bütün zərgərlik əşyalarını çıxarın. Əməliyyat zamanı istifadə olunan avadanlıq metal ilə təmasda olarsa, bu, yanıqlara səbəb ola bilər.
  • Kredit kartları, zərgərlik əşyaları və ya çek kitabçası kimi qiymətli əşyaları evdə qoyun.
  • Əməliyyat otağına aparılmazdan əvvəl eynəklərinizi, eşitmə cihazlarınızı, protezlərinizi, protez cihazlarınızı, parikinizi və dini əşyalarınızı çıxartmalısınız. Onları qoymaq üçün bir çanta gətirə bilərsiniz.
  • Rahat və boş bir geyim geyin.
  • Əgər kontakt linzalar taxırsınızsa, bunun əvəzinə eynək taxın.
  • Əməliyyat günü yalnız taksi, nəqliyyat vasitələri və ya parkinq haqqı üçün kifayət qədər pul gətirə bilərsiniz.
  • Əgər varsa, yuxu apnoyeniz üçün stimullaşdırıcı spirometrinizi və yaxud tənəffüs aparatınızı (CPAP kimi) gətirə bilərsiniz.

Ginekoloji əməliyyat öncəsi son hazırlıqlar

Əməliyyata getməyin vaxtı çatdıqda geyinmək üçün xəstəxana xalatı və sürüşməyən varikoz corab geyinəcəksiniz.

Əməliyyatdan əvvəl tibb bacısı ilə görüşəcəksiniz. Gecə yarısından sonra qəbul etdiyiniz dərmanların dozası və onları nə vaxt qəbul etdiyiniz barədə tibb bacınıza məlumat verin. Tibb bacınız damarlarınızdan birinə, adətən qolunuza və ya əlinizə venadaxili (IV) vazofiks yerləşdirə bilər. Əgər tibb bacısı IV yeri qoymursa, anestezioloqunuz əməliyyat otağına girdiyiniz zaman bunu edəcək.

Anestezioloqunuzla tanış olun

Anestezioloqunuz, əməliyyatdan əvvəl;

  • Sizinlə tibbi tarixçənizi nəzərdən keçirəcək.
  • Əməliyyat zamanı rahatlığınız və təhlükəsizliyiniz barədə sizə danışacaq.
  • Alacağınız anesteziya haqqında sizə məlumat verəcəkdir.

Əməliyyat üçün hazırlaşın

Siz əməliyyat otağına gedəcəksiniz. Əməliyyat otağı komandasının üzvü əməliyyat masasına uzanmağınıza kömək edəcək. Əməliyyat zamanı sizi izləmək üçün qan təzyiqi manjeti və EKQ cihazı ucluqları əlavə oluna bilər.

Rahat olduqdan sonra anestezioloqunuz sizə anesteziya verəcək və siz yatacaqsınız. Siz həmçinin əməliyyat zamanı və sonra vena daxilindən maye alacaqsınız.

Tam yuxuya getdiyiniz zaman nəfəs almağınıza kömək etmək üçün ağzınızdan nəfəs borunuza bir boru qoyulacaq. Sidik kisəsindən sidiyi boşaltmaq üçün sidik kateteri də daxil edilə bilər.

Əməliyyatınız bitdikdən sonra kəsikləriniz tikiləcək və aseptik sarğı qoyulacaq. 

Bu yazımızda sizə əməliyyat öncəsi bilməli olduğunuz məlumatları çatdırmaq istədik. Əlavə suallarınız yaranarsa, əməliyyat öncəsi bizimlə əlaqə saxlaya bilərsiniz.