CIN 1, CIN 2, CIN 3 nə deməkdir? Uşaqlıq boynu displaziyasının dərəcələri
CIN 1, CIN 2, CIN 3 nə deməkdir? Smear (Pap test) və ya biopsiya cavabınızda bu yazılışlarla qarşılaşmısınızsa və sizdə fobiya yaranıbsa, bilin ki, bu sual çox qadının sualıdır.
CIN xərçəng diaqnozu demək deyildir. Bu, uşaqlıq boynunun səthindəki hüceyrələrdə baş verən dəyişikliyin dərəcəsini göstərən tibbi təsnifatdır. Bu dəyişikliklər vaxtında aşkar olunduqda sadə üsullarla müalicə oluna və müşahidədə saxlanıla bilər.
CIN nədir?
CIN ingiliscə Cervical Intraepithelial Neoplasia ifadəsinin qısaltmasıdır. Azərbaycan dilində uşaqlıq boynu intraepitelial neoplaziyası adlanır.
Bu uzun ada görə qorxmağa dəyməz, mənası sadədir:
- Uşaqlıq boynu (serviks) uşaqlığın aşağı hissəsidir və vaginaya açılır.
- Epitel uşaqlıq boynunun səthini örtən hüceyrə təbəqəsidir.
- İntraepitelial dəyişikliyin yalnız bu səth təbəqəsinin daxilində olması deməkdir.
- Neoplaziya hüceyrələrin normadan fərqli, qeyri-adi böyüməsidir.

Başqa sözlə, CIN uşaqlıq boynunun səth hüceyrələrində müəyyən qeyri-normal dəyişiklik olduğunu göstərir. Bu dəyişikliyə displaziya da deyilir. Bu hüceyrələr hələ dərinə yayılmayıb, yəni xərçəng deyil.
Lakin müalicə olunmasa, uzun illər ərzində bəzi hallarda xərçəngə çevrilə bilər. Buna görə CIN xərçəngönü (prekanseroz) vəziyyət sayılır.
CIN 1, CIN 2 və CIN 3 arasındakı fərq nədir?
Dərəcələr mikroskop altında anormal hüceyrələrin epitel qatının nə qədər dərinliyinə yayıldığına görə müəyyən edilir. Bu qiymətləndirməni patoloq həkim biopsiya nümunəsinə baxaraq aparır.
CIN 1 (yüngül displaziya)
Anormal hüceyrələr epitel qatının yalnız alt üçdə birində yerləşir. Bu, ən yüngül dərəcədir və əksər hallarda (65-80%) orqanizm onu özü aradan qaldırır. Müasir təsnifatda CIN 1 LSIL (aşağı dərəcəli skuamöz intraepitelial lezyon) adlanır və xərçəngönü hal sayılmır.
CIN 2 (orta dərəcəli displaziya)
Dəyişikliklər epitelin təxminən üçdə ikisinə qədər yayılır. CIN 2 “aralıq” dərəcədir. Bəzi hallarda geri çəkilir, bəzilərində isə irəliləyərək CIN 3-ə keçə bilər. Buna görə həkim qərarı verərkən yaşınızı, hamiləlik planlarınızı və HPV tipini nəzərə alır.
CIN 3 (ağır dərəcəli displaziya)
Anormal hüceyrələr epitelin bütün qalınlığını tutur, lakin hələ altındakı toxumaya keçməyib. CIN 3 xərçəng deyil, lakin xərçəngə çevrilmə riski ən yüksək olan mərhələdir. Buna görə müalicə demək olar ki, həmişə tövsiyə olunur.
CIS (Carsinoma In Situ)
Epitelin bütün qatında mitoz və qeyri-yetkin hüceyrələr vardır və normal epitel təbəqəsinə rast gəlinmir. CIS (karsinoma in situ) zamanı epitelin bazal membranı intaktdır. Atipik hüceyrələr bütün epitel qatını tutur, lakin bazal membranı keçib stromaya yayıla bilmir. Bu, CIS və invaziv karsinoma arasında əsas fərqdir.
HSIL və LSIL terminləri
Nəticə kağızında LSIL və HSIL sözlərinə də rast gələ bilərsiniz.
Onlar eyni dəyişiklikləri başqa sistemlə adlandırır:
Köhnə təsnifat Yeni Mənası təsnifat
CIN 1 LSIL Aşağı dərəcəli lezyon
CIN 2 və CIN 3 HSIL Yüksək dərəcəli lezyon
Bəzi laboratoriyalar HSIL yazanda parantez içində CIN 2 və ya CIN 3 qeyd edir. Bu fərq müalicə qərarı üçün vacibdir.
Simptomlar: niyə çox vaxt heç nə hiss olunmur?
CIN üçün ən vacib məlumat budur: adətən heç bir şikayət olmur. Ağrı, qanaxma və ya xüsusi axıntı yaratmır. Qadın özünü tam sağlam hiss edir və dəyişiklik yalnız müayinə zamanı aşkarlanır.
Bəzən başqa səbəblərlə (iltihab, infeksiya və s.) əlaqəli şikayətlər ola bilər. Bunlar CIN-ə xas əlamət sayılmır, lakin görünsələr, ginekoloqa müraciət etmək lazımdır:
- Cinsi əlaqədən sonra qanaxma;
- Menstruasiya arasında qanaxma;
- Qeyri-adi və ya pis qoxulu vaginal axıntı;
- Menopauzadan sonra hər hansı qanaxma.
Şikayətin olmaması müayinədən imtina etmək üçün səbəb deyil. CIN-in vaxtında tapılmasının yeganə yolu müntəzəm yoxlanışdır.
CIN-in əsas səbəbi: HPV infeksiyası
CIN-in demək olar ki, bütün hallarının səbəbi yüksək riskli HPV (insan papilloma virusu) ilə uzunmüddətli infeksiyadır. HPV çox yayılmış virusdur və cinsi həyat sürən qadınların böyük əksəriyyəti həyatının müəyyən dövründə onunla qarşılaşır.
Əksər hallarda immun sistem virusu bir neçə ay və ya il ərzində özü təmizləyir.
Virus təmizlənməyib uşaqlıq boynu hüceyrələrində uzun müddət qalarsa, hüceyrələrdə dəyişikliklər yarana bilər. Ən çox xərçəngönü dəyişikliklərə səbəb olan tiplər HPV 16 və 18-dir.
HPV 16 xüsusilə diqqət tələb edir, çünki bu tip daha yüksək irəliləmə riski ilə əlaqələndirilir. HPV haqqında ətraflı məlumatı HPV virus infeksiyası səhifəmizdə oxuya bilərsiniz.
Riski artıran amillər
- Siqaret çəkmək. Uşaqlıq boynunun lokal immunitetini zəiflədir və viral infeksiyanın təmizlənməsini çətinləşdirir;
- İmmunitetin zəifləməsi (HİV infeksiyası, orqan transplantasiyasından sonra immunosupressiv dərmanlar və s.);
- Erkən yaşda cinsi həyata başlamaq və ya çoxlu cinsi partnyor;
- Müntəzəm müayinənin olmaması;
- Digər cinsi yolla keçən infeksiyaların olması.
Bu faktorların olması CIN-in mütləq yaranacağı demək deyil. Əksinə, risk faktoru olmayan qadında da CIN inkişaf edə bilər. Ona görə hər qadın müntəzəm yoxlanmalıdır.
CIN necə diaqnoz qoyulur?
Diaqnoz bir neçə mərhələdən keçir. Hər mərhələnin öz məqsədi var.
-
Pap smear (sitologiya) testi
Uşaqlıq boynundan yumşaq fırça ilə hüceyrə nümunəsi götürülür. Prosedur bir neçə dəqiqə çəkir və ağrısızdır. Test anormal hüceyrələrin olub-olmadığını göstərir. Ətraflı məlumat üçün PAP Smear testi nədir? yazımıza baxın.
-
HPV testi
Nümunədə yüksək riskli HPV-nin olub-olmadığı və lazım gələrsə, hansı tipin (16, 18 və ya digər) olduğu müəyyən edilir. Bu nəticə həkimə izləmə və müalicə planını dəqiqləşdirməkdə kömək edir.
-
Kolposkopiya
Smear və ya HPV nəticəsi anormal olarsa, həkim kolposkop adlı böyüdücü cihazla uşaqlıq boynuna baxır. Xüsusi məhlullar sürtülərək şübhəli sahələr daha aydın görünür. Müayinə ginekoloji kresloda aparılır və adətən narahatlıq yaratmır.
-
Biopsiya
Kolposkopiyada şübhəli sahə görünərsə, ondan çox kiçik toxuma parçası götürülür və patoloq həkim tərəfindən mikroskopla araşdırılır. CIN 1, CIN 2 və ya CIN 3 diaqnozu məhz biopsiya nəticəsində qoyulur. Bəzən uşaqlıq boynu kanalından da nümunə (endoservikal küretaj) götürülür.
CIN 1, CIN 2 və CIN 3 necə müalicə olunur?
Müalicə qərarı yalnız dərəcəyə görə verilmir. Yaşınız, hamiləlik planlarınız, HPV tipi, kolposkopiya nəticəsi və əvvəlki smear tarixçəniz də nəzərə alınır.
Aşağıdakılar ümumi yanaşmadır, sizin üçün dəqiq plan həkiminizlə müəyyənləşdirilir.
CIN 1: adətən izləmə
CIN 1-in böyük əksəriyyəti müalicəsiz 60-85% hallarda özü geri çəkilir. Buna görə adətən aktiv izləmə tövsiyə olunur: müəyyən aralıqlarla təkrar HPV testi, smear və ya kolposkopiya. Dəyişiklik uzun müddət davam edərsə və ya irəliləyərsə, müalicə nəzərdən keçirilir.
CIN 2: fərdi qərar
CIN 2-də iki yol mümkündür:
- Müalicə. Dəyişmiş toxumanın çıxarılması.
- Diqqətli izləmə. Xüsusilə gənc qadınlarda və hamiləlik planlayanlarda, kolposkopiya uyğun olduqda və uşaqlıq boynu kanalında ciddi dəyişiklik yoxdursa, bir müddət müşahidə mümkündür. CIN 2-nin bir hissəsi özü geri çəkilir. Lakin HPV 16 ilə əlaqəli CIN 2-nin irəliləmə ehtimalı daha yüksəkdir.
İzləmə seçilərsə, həkimin təyin etdiyi vaxtlarda müayinələrə mütləq gəlmək lazımdır. Dəyişiklik davam edərsə və ya artarsa, müalicəyə keçilir.
CIN 3: müalicə tövsiyə olunur
Hamilə olmayan qadınlarda CIN 3 üçün müalicə standart yanaşmadır, çünki müalicəsiz qalarsa, xərçəngə çevrilmə riski əhəmiyyətlidir. Müalicə üsulları:
- LEEP (loop elektrocərrahi eksiziya). İncə elektrik telli ilişmə ilə uşaqlıq boynunun dəyişmiş hissəsi çıxarılır. Adətən lokal anesteziya ilə, ambulator şəraitdə aparılır.
- Konizasiya. Uşaqlıq boynundan konus şəkilli toxuma parçası kəsilərək götürülür. Daha geniş və ya daha dərin dəyişikliklərdə seçilir.
- Lazer və ya kriodestruksiya. Seçilmiş hallarda tətbiq oluna bilən üsullardır, lakin çıxarılan toxumanın patoloji araşdırılması mümkün olmadığı üçün həkim bunları yalnız münasib hallarda seçir.
- Histerektomiya (uşaqlığın çıxarılması). Yalnız istisna hallarda, məsələn, digər şikayətlər və ya uşaq sahibi olmaq planının olmaması kimi hallarda nəzərdən keçirilir.
Çıxarılan toxuma patoloji müayinəyə göndərilir. Bu, həm diaqnozu dəqiqləşdirir, həm də kənarlarının təmiz olub-olmadığını göstərir. Daha geniş cərrahi seçimlər üçün uşaqlıq boynu xərçəngi əməliyyatı və uşaqlıq boynu patologiyaları: diaqnostika və müalicə səhifələrinə baxa bilərsiniz.
Müalicədən sonra: bərpa və izləmə
LEEP və ya konizasiyadan sonra bir neçə həftə ərzində yüngül qanlı və ya sulu axıntı ola bilər. Tipik tövsiyələr bunlardır:
- bir neçə həftə cinsi əlaqədən çəkinmək,
- güclü qanaxma, yüksək hərarət və ya pis qoxulu axıntı olarsa, dərhal həkimə müraciət etmək.
Ən vacib məsələ izləmədir. Müalicədən sonra HPV testi və smear müəyyən aralıqlarla təkrarlanır. Müalicənin nəticəsi əksər hallarda yaxşıdır, lakin HPV infeksiyası qala bildiyi üçün bu görüşlərin buraxılmaması vacibdir. Cərrahi əməliyyatdan sonrakı ümumi tövsiyələr üçün cərrahi əməliyyatdan sonrakı dövr səhifəsinə baxa bilərsiniz.
Hamiləliyə təsiri
CIN diaqnozu özü uşaq sahibi olmağa mane olmur. Müalicə üsulları, xüsusilə dərin və ya təkrar konizasiyalar, bəzən sonrakı hamiləliklərdə vaxtından əvvəl doğuş riskini bir qədər artıra bilər. Buna görə uşaq planlayan qadınlarda həkim imkan daxilində ən az toxuma çıxaran yanaşmanı seçməyə çalışır. Hamiləlik planınızı müalicədən əvvəl mütləq həkiminizə deyin.
Proqnoz: CIN 1, 2 və 3 diaqnozu olan qadınları nə gözləyir?
Vaxtında aşkarlanıb düzgün idarə edilən CIN-in proqnozu çox yaxşıdır. CIN 1 əksər hallarda özü yox olur. CIN 2 və CIN 3 müalicəsindən sonra qadınların böyük əksəriyyətində dəyişiklik təkrar etmir. Əsas təhlükə CIN-in özü yox, aşkarlanmamasıdır. Uzun illər diqqətsiz qalan yüksək dərəcəli dəyişiklik xərçəngə çevrilə bilər. Uşaqlıq boynu xərçəngi isə skrininq sayəsində tamamilə qarşısı alına bilən xəstəliklərdən biridir.
Necə qorunmaq olar?
- Müntəzəm skrininq. Pap test və HPV testini həkimin tövsiyə etdiyi aralıqlarla etdirin.
- HPV peyvəndi. Peyvənd ən təhlükəli HPV tiplərinə qarşı qoruyur. Ən yaxşı effekt cinsi həyata başlamazdan əvvəl vurulduqda əldə olunur, lakin böyüklər üçün də faydalı ola bilər. Hansı yaş və sxemin sizə uyğun olduğunu həkimlə müzakirə edin.
- Siqaretə məruz qalmamaq. Bu, riski azaldan ən mühüm şəxsi addımlardan biridir.
- Anormal nəticəni ləngitməmək. Nəticə anormal gəlibsə, təkrar yoxlamanı və ya kolposkopiyanı təxirə salmayın.
Tez-tez verilən suallar
CIN 1 təhlükəlidir?
Xeyr, CIN 1 ən yüngül dərəcədir və əksər hallarda müalicəsiz özü yox olur. Yenə də HPV infeksiyasının davam edib-etmədiyini izləmək üçün həkimin təyin etdiyi təkrar yoxlamalara getmək lazımdır.
CIN 2 xərçəngdir?
Xeyr, CIN 2 xərçəng deyil. Bu, xərçəngönü dəyişiklikdir və bəzi hallarda özü geri çəkilə bilər. Lakin irəliləmə ehtimalı da var, ona görə həkimlə birlikdə müalicə və ya diqqətli izləmə qərarı verilməlidir.
CIN 3 xərçəng deməkdir?
Xeyr, CIN 3 hələ xərçəng deyil. Anormal hüceyrələr yalnız səth təbəqəsindədir. Lakin xərçəngə çevrilmə riski yüksək olduğu üçün müalicə, adətən, tövsiyə olunur və vaxtında müalicə ilə xərçəngin qarşısı effektiv şəkildə alınır.
CIN 1 özü keçə bilər?
Bəli, CIN 1-in əksəriyyəti orqanizmin immun sisteminin HPV-ni təmizləməsi nəticəsində özü geri çəkilir. Siqaretdən imtina və immunitetin qorunması bu prosesə kömək edə bilər.
HPV müsbət olmaq CIN olması deməkdir?
Xeyr. HPV-nin müsbət çıxması virusun olduğunu göstərir, lakin hüceyrələrdə dəyişiklik olduğunu mütləq bildirmir. Bir çox HPV infeksiyası heç bir dəyişiklik yaratmadan öz-özünə təmizlənir. Dəyişikliyin olub-olmadığını smear, kolposkopiya və biopsiya göstərir.
CIN müalicəsindən sonra hamilə qalmaq olar?
Əksər qadınlar müalicədən sonra sağlam hamiləlik keçirir və doğuş edir. Dərin və ya təkrar toxuma çıxarılması vaxtından əvvəl doğuş riskini bir qədər artıra bilər, ona görə hamiləlik planlarınızı müalicədən əvvəl həkimlə müzakirə etmək yaxşı olar.
Nə vaxt həkimə müraciət etməlisiniz?
Smear, HPV testi və ya biopsiya cavabınızda CIN 1, CIN 2, CIN 3, LSIL və ya HSIL yazılıbsa, nəticəni gözləmədən ixtisaslı ginekoloq və ya onkoginekoloqa müraciət edin. Nəticənin düzgün şərhi, əlavə müayinələrin planlanması və sizə uyğun müalicə yolunun seçilməsi üçün peşəkar qiymətləndirmə vacibdir.
Uzman Onkoginekoloq Dr. Əkbər İbrahimov uşaqlıq boynu patologiyalarının diaqnostikası və müalicəsi, o cümlədən açıq və laparoskopik onkoginekoloji əməliyyatlarla məşğul olur.
Konsultasiya üçün WhatsApp vasitəsilə randevu ala və ya (050) 489 88 44 nömrəsinə zəng edə bilərsiniz.
Tibbi məlumat: Bu yazı yalnız məlumatlandırma məqsədi daşıyır və həkim müayinəsini, diaqnozu və ya müalicəni əvəz etmir. Hər xəstənin vəziyyəti fərdidir. Sağlamlığınızla bağlı qərarları mütləq ixtisaslı həkimlə məsləhətləşdikdən sonra verin.