Cərrahi əməliyyatdan sonrakı dövr
Onkoginekoloji əməliyyatdan öncə sizə cərrahi əməliyyatdan əvvəl nə etməli və etməməli olduğunuzu izah etdik. Əməliyyat sonrası təlimatda isə əməliyyatınızdan sonra qarşılaşacağınız vəziyyətləri və yaşayacağınız prosesi izah etməyə çalışacağıq.
Bu bölmə ginekoloji əməliyyatdan sonra daha tez sağalmağınıza kömək edəcək proqramı təsvir edir. Ginekoloji əməliyyatdan sonra bərpa proqramının bir hissəsi olaraq, əməliyyatdan sonra müəyyən məqamlara diqqət etmək vacibdir.
Əməliyyatım bitəndə nə baş verəcək?
Ginekoloji əməliyyatdan sonra oyandığınız zaman reanimasiya şöbəsində olacaqsınız. Tibb bacısı bədən istiliyinizi, ürək döyüntünüzü, qan təzyiqinizi və qanda oksigen səviyyənizi müşəhidədə saxlayacaq.
Sidik kisəsində sidik miqdarını izləmək üçün sidik kateteriniz olacaq. Siz xəstəxanadan çıxmazdan əvvəl bu sidik kateteri çıxarılacaq. Aşağı ətraflarınızda varikoz corabları və çanaq boşluğundakı mayeni boşaltmaq üçün drenaj da ola bilər.
Təhlükəsiz şəkildə sağalmağınıza kömək edəcək yollar;
- Tibb bacınızın köməyi ilə gəzəcəksiniz. Ağrıları aradan qaldırmaq üçün sizə dərman verəcəyik. Gəzinti qan laxtalanması və pnevmoniya riskini azaltmağa kömək edir. O, həmçinin bağırsaq fəaliyyətini stimullaşdırmağa kömək edir.
- Ehtiyac halında spirometrdən istifadə edin. Bu, ağciyərlərinizin genişlənməsinə kömək edir və pnevmoniyanın qarşısını alır.
Əməliyyatdan sonra ağrılarım olacaq mı?
Bəli, xüsusilə ginekoloji əməliyyatdan sonra ilk bir neçə gündə bir az ağrınız olacaq. Həkiminiz və tibb bacınız tez-tez ağrınız haqqında sizə suallar verəcəkdir. Lazım olduqda ağrınızı idarə etmək üçün sizə dərman veriləcək. Ağrınız keçməzsə, həkiminizə və ya tibb bacınıza bildirin.
Yeyə biləcəyəm mi?
Əksər insanlar ginekoloji əməliyyatdan sonra müntəzəm pəhrizə başlaya bilərlər. Alma sousu və toyuq şorbası kimi yumşaq və asan həzm olunan qidalarla başlamalısınız. Tez-tez kiçik yeməklər yeyin və sonra normal qidalara keçin. Şişkinlik, qaz və ya sancılar hiss edirsinizsə, tam taxıllı çörəklər və dənli bitkilər, qoz-fındıq, toxum, salatlar, meyvə, brokoli, kələm və gül kələm kimi qidaları məhdudlaşdırın. Əgər kolon rezeksiyası keçirmisinizsə, əməliyyatdan sonrakı ilk bir neçə gün ərzində parenteral qidalanma, sonra maye şəklində qidalanma və daha sonra qida rasionunuza bərk qidalar əlavə olunacaq.
Həkiminiz ginekoloji əməliyyatdan sonra riayət etməli olduğunuz pəhriz qaydaları verəcəkdir.
Xəstəxanada nə qədər qalacağam?
Əməliyyatın növündən asılı olaraq 1-3 gün arasında xəstəxanada qala bilərsiniz. Evə getməzdən əvvəl etməlisiniz:
- Dərmanla ağrılarınızı idarə edin.
- Ayağa qalxıb gəzə bilərsiniz.
- Sidiyə və qaz çıxara bilərsiniz.
- Bəzi qidalar və mayelər istehlak edin.
Evdə ağrılarım olacaq mı?
Hər kəsin ağrı və ya narahatlıq keçirmə müddəti dəyişir. Evə qayıdanda hələ də bir az ağrınız ola bilər və çox güman ki, ağrıkəsici dərman alacaqsınız. Aşağıdakı təlimatlara əməl edin;
- Dərmanlarınızı göstərişlərə uyğun və lazım olduqda qəbul edin.
- Əgər sizə təyin olunmuş dərman ağrınızı aradan qaldırmazsa, həkiminizə müraciət edin.
- Reseptli ağrı kəsiciləri qəbul edərkən spirtli içki qəbul etməyin.
Dərman istifadəsi haqqında
Ginekoloji əməliyyatdan sonra kəsiyiniz sağaldıqca, daha az ağrı yaşayacaqsınız və daha az ağrıkəsiciyə ehtiyacınız olacaq. Asetaminofen və ya ibuprofen kimi yüngül bir ağrı kəsici ağrı və narahatlığı aradan qaldıracaq. Həkiminizin göstərişindən daha çox asetaminofen qəbul etməyin.
Normal fəaliyyətinizə davam edərkən ağrı dərmanları sizə kömək edəcək. Ağrı kəsiciləri qəbul etdikdən 30-45 dəqiqə sonra təsir göstərməyə başlayır.
Ağrı dərmanınızı nə vaxt qəbul etdiyinizi izləyin. Ağrınızın ilk başladığı anda qəbul etmək, ağrının daha da pisləşməsini gözləməkdən daha təsirli olur. Nəhayət, qeyd etmək lazımdır ki, ağrı kəsicilər qəbizliyə səbəb ola bilər.
Yara yerimə necə qulluq edəcəyəm?
Yaranız antiseptik məhlullar ilə təmizləndikdən sonra steril salfet qoyulub plastr ilə bağlanacaq. Tikişlər əməliyyatdan 14 gün sonra çıxarılır. Bunun üçün klinikaya gəlməlisiniz. Tikişlərin sökülməsi poliklinika şəraitində edilir və ağrılı deyil.
Həkiminiz sağaldığınızı deyənə qədər hər gün yara yerinizi infeksiya əlamətlərinə əsasən yoxlamalısınız. Aşağıdakı yara infeksiyası əlamətlərindən hər hansı birini müşahidə etsəniz həkiminizə müraciət edin;
- qızartı
- şişkinlik
- artan ağrı
- yara yerində temperatur
- yara yerindən pis qoxulu və ya irinli axıntı
- 38,0 ° C və ya daha yüksək hərarət
İnfeksiyanın qarşısını almaq üçün kəsiklərinizə heç kimin toxunmasına icazə verməyin. Kəsiklərinizə toxunmadan əvvəl əllərinizi sabun və su və ya spirt əsaslı əl dezinfeksiyaedici vasitələr ilə təmizləyin.
Nə vaxt duş qəbul edə bilərəm?
Evə yazıldığınız gün duş ala bilərsiniz. Duşunuzu bitirdikdən sonra yara yerinizi təmiz bir dəsmal ilə yumşaq bir şəkildə qurulayın. Duşdan sonra əlcək geyinib, həkiminizin yazdığı reseptə uyğun ardıcıllıqla sarğınızı edin. Əməliyyatdan sonra 4 həftə ərzində gündə ən azı bir dəfə sabunla duş almağa davam edin.
Histerektomiyadan sonra ən çox görülən simptomlar
Ginekoloji əməliyyatdan təxminən 2-4 həftə sonra baş verə bilən vaginal ləkələnmə və ya yüngül qanaxmaların olması adi haldır. Bunu bir ped ilə izləməlisiniz. 8 həftə ərzində tamponlardan istifadə etməyin. Gur qanaxma varsa dərhal həkimə müraciət edin. Əməliyyat zamanı qarınınıza vurulan hava səbəbindən əməliyyatdan sonra bəzi narahatçılıqlar yaşamaq da adi haldır. Buna kömək etmək üçün mütləq gəzin, bol maye qəbul edin.
Əməliyyatdan nə qədər müddət sonra cinsi əlaqə ola bilər?
Ginekoloji əməliyyatdan sonra 8 həftə ərzində cinsi əlaqəyə girməyin. Bəzi hallarda 8 həftədən artıq müddət tələb olunduğundan, cinsi əlaqəyə girməzdən öncə həkiminizlə danışın.
Əməliyyatdan sonra bağırsaq funksiyam necə dəyişəcək?
Bu müddət ərzində sizdə aşağıdakı simptomlar ola bilər
- Qaz
- Sancılar
- Bağırsaq fəaliyyətinin artması (ishal)
- Qəbizlik
Qəbizliyin qarşısını necə ala bilərəm?
Əməliyyatdan sonra qəbizlik halı ola bilər. Bu, ağrıkəsici dərmanların ümumi yan təsiri ilə əlaqədardır. Gəzinti və daha çox su içmək kimi fəaliyyətlər bu yan təsirləri azaltmağa kömək edəcəkdir.
Qəbizliyin qarşısını almaq üçün şəkəriniz yoxdursa, hər dəfə 20 ml olmaqla gündə 3 dəfə dufalak sirop qəbul edə bilərsiniz. Bol miqdarda maye qəbul edin. Əgər şişkinlik hiss edirsinizsə, lobya, brokoli, soğan, kələm və gül kələm kimi qaz yarada bilən qidalardan uzaq durun.
Avtomobil idarə etmək mənim üçün nə vaxt təhlükəsizdir?
Cərrahınız sizə hər şeyin qaydasında olduğunu bildirənə qədər maşın sürməyin. Bu, əməliyyatınızdan sonra ilk kontrol müayinənizdən bir neçə gün sonra mümkün ola bilər. Əgər siz reseptdə yazılan ağrıkəsiciləri qəbul edirsinizsə, cərrahınız avtomobil sürməzdən əvvəl sizdən gözləməyinizi tələb edə bilər. Ağrıcı dərmanlar reflekslərinizi və reaksiyalarınızı ləngidə bilər, bu da avtomobil idarə etməyi təhlükəli edir. Həmçinin, əyləc qarın əzələlərinin istifadəsini tələb edir, buna görə də avtomobil idarə etmək narahatlığınızı artıra bilər.
Səyahət edə biləcəyəm mi?
Bəli, səyahət edə bilərsiniz. Əməliyyatdan sonra təyyarə ilə səyahət edirsinizsə, ayaqlarınızı uzadın, mümkünsə ayaqlarınızı yuxarı qaldırın və bol maye qəbul edin.
Hansı idman məşqlərini edə bilərəm?
Məşq sizə güc qazandıracaq və özünüzü daha yaxşı hiss edəcəksiniz. Gəzinti idmanın ən yaxşı formasıdır. Getdiyiniz məsafəni tədricən artırın. Qaçış, pilates və ya yoqa ilə məşğul olmayın. Daha gərgin məşqlərə başlamazdan əvvəl həkiminizdən məsləhət alın.
Ağır əşyaları nə vaxt qaldıra bilərəm?
Ağır əşyaları qaldırmazdan əvvəl həkiminizlə məsləhətləşin. Əksər hallarda əməliyyatdan sonra ən azı 6 həftə ərzində 4-5 kiloqramdan daha ağır bir şey qaldırmamalısınız. Həkiminizdən nə qədər müddət ərzində ağırlıq qaldırmamağınız lazım olduğunu soruşun.
Nə zaman işə çıxa bilərəm?
İşə çıxma vaxtı gördüyünüz işin növündən, keçirdiyiniz əməliyyatın növündən və nə qədər tez sağalmağınızdan asılıdır. Əməliyyatdan təxminən 4-6 həftə sonra işə çıxmaq mümkün ola bilər.
Əməliyyat ilə əlaqəli keçirdiyim stressin qarşısını necə ala bilərəm?
Ciddi bir xəstəlik səbəbi ilə əməliyyatdan sonra yeni və üzücü hisslər yaşaya bilərsiniz. Əksər insan kədərli, narahat, gərgin, əsəbi və qəzəbli hiss etdiklərini söyləyir. Bu hisslərin bəzilərini idarə edə bilməyəcəyinizi hiss edə bilərsiniz. Belə bir vəziyyətdə psixoloji dəstək almaq yaxşı bir fikirdir. Problemin öhdəsindən gəlmək üçün ilk addım hissləriniz barədə danışmaqdır. Ailə, dostlar, həkiminiz sizi dəstəkləyə və istiqamətləndirə bilər.
Əməliyyatdan sonra ilk kontrol müayinəm nə zamandır?
Ginekoloji əməliyyatdan sonra ilk kontrol müayinə vaxtınız xəstəxanadan çıxdıqdan 2-3 həftə sonra olacaq. Bu görüşdə həkiminiz patohistoloji müayinə nəticənizi sizinlə ətraflı müzakirə edəcək.
Hər hansı bir sualınız və ya narahatlığınız varsa, mütləq həkiminizə məlumat verin.
Aşağıdakı hallarda həkiminizlə əlaqə saxlayın;
- 38.0°C və ya daha yüksək hərarətiniz varsa.
- Ağrı kəsicilər istifadə etdiyiniz təqdirdə keçməyən ağrınız varsa.
- Əgər yara yerinizdə qızartı, axıntı və ya şişkinlik varsa.
- Gur vaginal qanaxmanız varsa.
- Bud və baldır nahiyyənizdə şişkinlik və ya həssaslıq varsa.
- Nəfəs darlığı və ya nəfəs almaqda çətinlik çəkirsinizsə.
- 3 gün və ya daha çox müddətdir davam edən ishal və ya qəbizlik hallarında.
- Əgər ürəkbulanma, qusma varsa.