Yumurtalıqların bədxassəli şişləri
Kitab haqqında
Dünyada qadınlar arasında çox rast gəlinən bədxassəli ginekoloji şişlərdən biri də yumurtalıq xərçəngidir. Belə ki, qadın cinsiyyət orqanlarının bədxassəli şişlərinin təxminən 22-30%-i, qadınlarda aşkar edilən bütün bədxassəli şişlərin isə 4%-i yumurtalıq mənşəli olub, onkoginekologiya praktikasında ən bədxassəli xərçəng hesab edilir. Ümumdünya Səhiyyə Təşkilatı və Qlobal Xərçəng Statistikasının məlumatlarına görə, dünya üzrə hər il yumurtalıq xərçəngi səbəbi ilə 315 mindən çox yeni xəstələnmə və 210 minə yaxın ölüm hadisəsi qeydə alınır. Bu rəqəmlər qadınlar arasında bütün bədxassəli şişlərdən xəstələnmə göstəricilərinin 3,4%-ni, ölüm hadisələrinin isə 4,4%-ni təşkil edir. Digər tərəfdən, son illər bu patologiya ilə xəstələnmənin artması ilə yanaşı prosesin 70-75% hallarda gecikmiş mərhələlərdə (III və IV) aşkar edilməsi mütəxəssisləri ciddi narahat edir. Qeyd edilənlər yumurtalıq xərçəngi probleminin həm tibbi, həm də sosial-iqtisadi nöqteyi-nəzərdən böyük aktuallıq kəsb etdiyini göstərir. Buna görə də yumurtalıq xərçənginin erkən mərhələdə diaqnostikası və uğurlu müalicəsi bədxassəli şişlərə qarşı mübarizədə prioritet istiqamətlərdən olub, onkoginekologiya sahəsində müasir elmi biliklərə malik kadr hazırlığını şərtləndirir. Bu isə onkoginekologiyaya dair daim yenilənən ədəbiyyatların olması sayəsində mümkündür. Bu səbəblə yumurtalıqların bədxassəli şişləri haqqında tədris ədəbiyyatının yazılmasını zəruri hesab etdik.
Ali tibb təhsili alan tələbələr üçün nəzərdə tutulmuş dərs vəsaitində qadın cinsiyyət orqanlarının cərrahi anatomiyası, yumurtalıq xərçənginin epidemiologiyası, etiologiyası, risk amilləri, patogenezi, patoloji anatomiyası, yayılması və metastazverməsi, mərhələlər üzrə təsnifatı, klinikası, diaqnostikası, müalicəsi, müalicənin nəticələri və proqnozu, o cümlədən yumurtalığın epitelial, germ, stromal hüceyrəli, hüdudi (borderline), Krukenberq şişləri, adneksial törəmələr, sitoreduksiya proseduru və hipertermik intraperitoneal kimyəvi terapiya kimi məsələlər haqqında ətraflı məlumat verilmişdir. Dərs vəsaiti çoxsaylı şəkil, cədvəl və qrafiklərlə illüstrasiya edilmişdir və elmin son nailiyyətlərini özündə əks etdirir. Kitabda verilmiş şəkillərin əksəriyyəti şəsxi klinik təcrübəmiz zamanı əldə edilmişdir.
Dərs vəsaitindən tibb tələbələri ilə yanaşı, onkoloqlar, onkoginekoloji xəstəliklərin diaqnostikası və müalicəsi ilə məşğul olan mütəxəssislər, onkologiya ixtisası üzrə rezidenturada təhsil alan həkimlər və doktorantlar da istifadə edə bilərlər.
Müəlliflər
Əhliman Tapdıq oğlu Əmiraslanov
Abuzər Yusif oğlu Qazıyev
Əkbər Mirzə oğlu İbrahimov
Rəyçilər
Cəmilə Qurbanova - tibb elmləri doktoru, professor
Leyla Rzaquliyeva - tibb elmləri doktoru, professor
Elmi redaktor
Əkbər İbrahimov
Ədəbi redaktor
Aygün Həsənova
Texniki və bədii redaktorlar (dizaynerlər)
Camaldin İsayev və Turan Xəlilov HTX
Korrektorlar
Leyla Qasımova, Fidan Novruzova, Türkan Novruzova, Asim Arazov, Elmdar İbrahimli
ISBN
978-9952-567-25-0
2020-ci ildən bəri kitabın ərsəyə gəlməsində iştirak etmiş, öz dəstəyini göstərmiş, innovativ töhfələrini vermiş hər kəsə dərin minnətdarlığımızı bildirir və təşəkkür edirik!
Kitab haqqında ətraflı məlumat almaq üçün bura yazın: