Uşaqlığın bədxassəli şişləri

Kitab haqqında

Onkoginekologiya klinik onkologiyanın mühüm sahələrindən biri hesab edilir. Statistik məlumatlara görə onkoginekoloji xəstəliklərdən əziyyət çəkən qadınların sayı ilbəil artmaqdadır. Dünyada qadınlar arasında ən çox rast gəlinən bədxassəli ginekoloji şişlər uşaqlıq boynu və uşaqlıq cismi xərçəngidir. Hər il orta hesabla 600 mindən çox qadına uşaqlıq boynu xərçəngi, 410 mindən çox qadına isə uşaqlıq cismi xərçəngi diaqnozu qoyulur, il ərzində 340 mindən çox qadın uşaqlıq boynu xərçəngindən, 100 minə yaxın qadın isə uşaqlıq cismi xərçəngindən həyatını itirir. Digər tərəfdən, son illər bu patologiyalarla xəstələnmənin artması ilə yanaşı proses əksər hallarda gecikmiş mərhələlərdə aşkar edilir. Qeyd edilənlər uşaqlıq boynu və uşaqlıq cismi xərçəngi probleminin həm tibbi, həm də sosial-iqtisadi nöqteyi-nəzərdən böyük aktuallıq kəsb etdiyini göstərir. Buna görə onkoginekoloji xəstəliklərin profilaktikası, erkən diaqnostikası və müalicəsi bədxassəli şişlərə qarşı mübarizədə prioritet istiqamətlərdən olub, onkoginekologiya sahəsində müasir elmi biliklərə malik kadr hazırlığını şərtləndirir. Bu isə onkoginekologiyaya dair daim yenilənən ədəbiyyatların olması sayəsində mümkündür. Buna görə uşaqlıq boynu və uşaqlıq cismi xərçəngi haqqında tədris ədəbiyyatının yazılmasını zəruri hesab etdik.

Dərs vəsaitində uşaqlıq cisminin və boynunun klinik anatomiyası, bu lokalizasiyalı xərçənglərin epidemiologiyası, etiologiyası, patogenezi, patoloji anatomiyası, yayılması və metastazverməsi, mərhələlər üzrə təsnifatı, klinikası, diaqnostikası, müalicəsi, hamiləlik zamanı uşaqlıq boynu xərçəngi və s. məsələlər dünya ədəbiyyatları və şəxsi təcrübəmiz əsasında geniş şərh edilmiş, həmçinin uşaqlıq cisminin sarkomaları və uşaqlıq boynunun bədxassəli şişlərinin nisbətən az rast gəlinən histoloji tipləri barədə məlumat verilmişdir. Dərs vəsaiti çoxsaylı şəkil, cədvəl və qrafiklərlə illüstrasiya edilmişdir. Kitabda verilmiş şəkillərin əksəriyyəti klinik təcrübəmiz zamanı əldə edilmişdir.

 

Müəlliflər

Əhliman Tapdıq oğlu Əmiraslanov

Abuzər Yusif oğlu Qazıyev

Əkbər Mirzə oğlu İbrahimov

 

Rəyçilər

Cəmilə Qurbanova – tibb elmləri doktoru, professor

Fuad Mərdanlı – tibb elmləri doktoru, professor

Habil Muradov – tibb elmləri doktoru, professor

 

Elmi redaktor

Abuzər Qazıyev

 

Ədəbi redaktor

Aygün Həsənova

 

Texniki və bədii redaktorlar (dizaynerlər)

Camaldin İsayev və Turan Xəlilov HTX

 

Korrektor

Turan Xəlilov HTX

 

Vektor illüstrasiyalar

Fərhad Məhərrəmov

 

 

2020-ci ildən bəri kitabın ərsəyə gəlməsində iştirak etmiş, öz dəstəyini göstərmiş, innovativ töhfələrini vermiş şəxslərə: Fidan Novruzova, Xaliq Rəcəbliyə dərin minnətdarlığımızı bildirir və təşəkkür edirik!

Kitab haqqında rəylərinizi buradan göndərə bilərsiniz:

mail yazın