Ca-125 testi

Ca-125 testi

CA-125 testi qanda Xərçəng Antigeni 125 adlı zülalın səviyyəsini ölçən qan testidir. CA-125 dəyərləri yumurtalıq xərçəngi olan qadınların əksəriyyətində yüksəkdir. Yumurtalıqlar qadın reproduktiv sistemində yumurta və hamiləlik üçün lazım olan hormonları istehsal edən orqanlardır. 

CA-125 testi nədir?

CA-125 testi yumurtalıq kistaları və yumurtalıq xərçəngi diaqnozu üçün istifadə olunan testdir. Yumurtalıq xərçəngi, əsasən inkişaf etmiş bir mərhələdə aşkarlana bilən ölümcül qadın cinsiyyət orqanları xərçənglərindən biridir.

Yüksək test dəyərləri yumurtalıq xərçəngindən başqa səbəblərə bağlı ola biləcəyi üçün bu test yumurtalıq xərçəngi riski yüksək olmayan orta riskli qadınlarda xərçəngin erkən aşkarlanması məqsədilə aparılan skrininq müayinə üçün uyğun deyil.

Bu testin əsas istifadə sahəsi artıq yumurtalıq xərçəngi diaqnozu qoyulmuş qadınlardadır.

CA-125 testi hansı məqsədlər üçün istifadə olunur?

CA-125 testi yumurtalıq xərçəngi müalicəsinin nəticələrini izləmək üçün istifadə olunur. Test nəticəsində CA-125 səviyyəsi aşağı düşürsə, müalicə effektiv hesab olunur.

Müalicədən sonra xəstəliyin təkrarlanmalarını izləmək üçün istifadə olunur.

CA-125 testi yumurtalıq xərçəngi riski yüksək olan ailəvi süd vəzi yumurtalıq xərçəngi sindromu (BRCA1 və ya BRCA2) olan xəstələrdə skrininq üçün istifadə olunur.

Test nə üçün lazımdır?

Əgər siz artıq yumurtalıq xərçəngi üçün müalicə alırsınızsa, CA-125 testi tələb oluna bilər. Onkoginekoloqunuz  və ya medikal onkoloqunuz bu testdən mütəmadi istifadə etməklə müalicənin nəticə verib-vermədiyini öyrənmək istəyəcək.

CA-125 testi necə edilir?

Bu test hər hansı digər qan testi kimi aparılır. Tibb bacısı və ya tibb işçisi kiçik bir iynə ilə bu test üçün sizdən qan alacaq və laboratoriyaya göndərəcək.

CA-125 nə qədər olmalıdır?

CA-125 testinin nəticələri normal olaraq 0-dan 35-ə qədər olan referans aralığında olmalıdır. 35-dən 50-ə qədər olan dəyərlərə nəzarət edilməlidir. CA-125 testinin nəticələri 50-dən yuxarı olarsa, yumurtalıq xərçəngi şübhəsi ilə diaqnoz və müalicəyə başlanmalıdır.

CA-125 menstrual dövrdə artır mı?

CA-125 testi menstruasiya dövründə və hamiləliyin erkən mərhələlərində arta bilər. Bəzi hallarda, endometriozun əmələ gəlməsi və çanaq iltihabı kimi şərtlər də CA-125 səviyyəsinin artmasına səbəb olur.

Test nəticələrinə əsasən xəstəliyin inkişafını qiymətləndirmə

Əgər yumurtalıq xərçəngi üçün müalicə olunursunuzsa və müalicə zamanı test nəticələriniz azalırsa, bu, müalicəyə yaxşı cavab verdiyinizi göstərir. Müalicəyə baxmayaraq test nəticələri azalmır və ya artmırsa, bu, xərçəngin müalicəyə cavab vermədiyinin əlaməti ola bilər.

Əgər əvvəllər yumurtalıq xərçəngindən müalicə almısınızsa və müayinələrdə test dəyərinizin yüksək olduğu aşkarlanıbsa, bu, xərçəngin yenidən inkişafının göstəricisi ola bilər.

Əgər siz yumurtalıq xərçəngi üçün müalicə almırsınızsa və  test dəyərinin yüksək olduğu aşkar edilərsə, bu xərçəng əlaməti ola bilər, eyni zamanda xərçəng olmayan hallarda bir çox xəstəliklər də yüksək test dəyərinə səbəb ola bilər.

CA-125 test nəticələri aşağıdakı hallarda arta bilər:

  • Endometrioz uşaqlıqdan kənarda uşaqlıqdaxili qişa qatının aşkarlanması ilə diaqnoz qoyulan və tez-tez sonsuzluğa və çanaq nahiyəsində ağrılara səbəb olan bir xəstəlikdir. Test səviyyələri tez-tez endometriozlu xəstələrdə yüksəlir, bu da şokolad kistasının yaranmasına səbəb olur.
  • Çanaq (pelvik) infeksiyalar, qadın reproduktiv orqanlarındakı infeksiyalar da CA-125 dəyərinin yüksəlməsinə səbəb olur.
  • Miomalar (fibroidlər) bəzən yüksək test dəyərlərinə səbəb ola bilər.
  • Qaraciyər xəstəliklərində test səviyyələri yüksələ bilər.
  • Hamiləlik dövründə test səviyyələri yüksələ bilər.
  • Menstruasiya olan qadınlarda menstruasiya zamanı test dəyərlərinin yüksək olduğu aydınlaşdırılmışdır.

CA-125 testi ümumiyyətlə yumurtalıq xərçəngində müalicəye cavab məqsədi üçün istifadə olunur. Əgər həkiminiz yumurtalıq xərçəngindən şübhələnirsə və CA-125 testiniz yüksəkdirsə, o, sizə Onkoginekoloq tərəfindən müayinə olunmağınızı tövsiyyə edəcək.