Əkbər İbrahimovun həmmüəllifi olduğu “Onkoloji ginekologiya” adlı monoqrafiya beynəlxalq müsabiqənin qalibi olub
The book of the Year
Müasir tibbin son nailiyyətlərini özündə əks etdirən “Onkoloji ginekologiya” adlı monoqrafiya Almaniyanın Hannover şəhərində “İlin Kitabı” müsabiqəsinin qalibi olub.
Monoqrafiyanın rəyçisi Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin baş direktoru akademik Cəmil Əliyevdir. Dünyada məşhur “Nobel Tibb Kitab Evləri” Beynəlxalq Nəşriyyat və Poliqrafiya şirkətində nəfis tərtibatla dizayn edilmiş və böyük tirajla çap olunmuş kitab 1048 səhifədən ibarətdir və onkoloji ginekologiyaya aid bütün mövzuları əhatə edir.
Kitabın elmi redaktoru “H” indeksi kifayət qədər yüksək (28) olan dünyaşöhrətli məşhur onkoginekoloq, Türkiyə Cümhuriyyətinin Hacettepe Universitetinin Onkoloji Ginekologiya bölməsinin rəhbəri, tibb elmləri doktoru, professor Mehmet Coşkun Salmandır. Əsər müəlliflərin uzun illik şəxsi tədqiqatları və zəngin təcrübi bilikləri əsasında yazılıb. Kitabda 3 minə yaxın dünya ədəbiyyatından seçilmiş məlumatların təhlili aparılıb, xarici mənbələrlə yanaşı, Azərbaycan alimlərinin də əsərlərinə istinadlar edilib. Kitab məzmun, tərtibat və elmi yenilik baxımından onkoloji ginekologiyaya dair Azərbaycan dilində yazılmış ilk irihəcmli orijinal əsərdir.
Dünya tibb elminə dəyərli töhfə hesab edilən “Onkoloji Ginekologiya”nın “İlin Kitabı” beynəlxalq mükafatına layiq görülməsi bir daha sübut edir ki, Azərbaycanda tibb elmi, o cümlədən onkologiya milli mütəxəssislərin birgə səyi sayəsində dövlət qayğısına söykənərək dinamik inkişafdadır. Bu gün Azərbaycan həkimləri beynəlxalq əlaqələrini genişləndirir, əldə etdiyi nailiyyətlərlə dünya tibb elminə inteqrasiya edir.